DÜNYA
Danimarka İrandakı səfirini geri çağırıb
Tehran, 2 noyabr, AZƏRTAC
Danimarka İrandakı səfirini geri çağırıb. Bu barədə bəyanatla Danimarkanın xarici işlər naziri Anders Samuelsen çıxış edib.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, nazir səfirin geri çağırılmasını qəti və qeyri-adi diplomatik addım adlandırıb.
Xatırladaq ki, Danimarka İranın xüsusi xidmət orqanlarını ölkə ərazisində qeyri-qanunu əməliyyatlar həyata keçirməkdə ittiham edir. İttihama əsasən, İranın xüsusi xidmət orqanları Danimarkada fəaliyyət göstərən iranlı siyasi fəallara qarşı sui-qəsd hazırlayıb. Cari ilin iyul ayında Almaniyada həbs olunan iranlı diplomat Danimarkaya ekstradisiya olunub. Lakin Danimarka hələ ki, İranlı diplomatın casusluq fəaliyyəti ilə məşğul olmasına dair konkret sübutlar təqdim etməyib.
Rəsmi Tehran isə bütün ittihamları rədd edərək bu hadisəni İrana qarşı növbəti təxribat adlandırıb və hesab edir ki, “casus oyununda” məqsəd İran ilə Avropa dövlətlərinin münasibətlərini pozmaqdan ibarətdir.
Qeyd edək ki, geri çağırılan səfir Danni Annan bir gün əvvəl İranın Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran