ELM VƏ TƏHSİL


Darxan Kıdırəli yenidən Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunub

Astana, 6 sentyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə dövlət başçılarının qərarı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli ikinci müddətə bu qurumun rəhbəri təyin olunub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən VI Sammitində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri Beynəlxalq Türk Akademiyasının işini yüksək dəyərləndiriblər.

Sammit iştirakçıları ötən dörd il ərzində Akademiyanın gördüyü işlər, irəli sürdüyü layihələr və qazandığı uğurların önəmini xüsusi vurğulayıblar. Qeyd olunub ki, qısa müddətdə türk dünyasının tarixini əhatə edən səmərəli elmi-praktiki konfranslar təşkil edilib, arxeoloji qazıntılar aparılıb. Türk Şurasına üzv dövlətlərin orta məktəblərində tədris olunacaq “Ortaq türk tarixi” dərsliyi, “Atalar mirası”, “Türk barometr” layihələri, BMT-də və UNESCO-da türk dünyasının mədəniyyət, ədəbiyyat və tarixi şəxsiyyətləri ilə bağlı keçirilən beynəlxalq simpoziumlar, forumlar, 90-dan çox elmi əsərin işıq üzü görməsi Akademiyanın türk dünyasına bəxş etdiyi töhfələrdəndir. TWESCO-nun fəaliyyətinə dövlət başçıları tərəfindən verilən yüksək qiymət Sammitin yekununda qəbul olunan bəyannamədə də əksini tapıb.

Qeyd edək ki, Akademiya son iki ildə Azərbaycan ilə bağlı fəaliyyətini xeyli genişləndirərək müxtəlif layihələr həyata keçirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi nəzərə alınaraq, Parisdə, UNESCO-nun mənzil qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi qeyd edilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Astanada qazax dilində çapdan çıxan “Elinə yol açmış” kitabının təqdimatı keçirilib. Kitaba “Ön söz”ü Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb. Eyni zamanda, Astanada III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilib.

TWESCO hazırda “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası” dərslikləri üzərində işləri davam etdirir.

Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində yaradılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.