İQTİSADİYYAT
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim təşkil olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş prinsipi haqqında təlim keçirilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palatanın mütəxəssisləri tərəfindən yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə məlumat verilib, həmçinin reyestrin elektron portalından istifadə qaydaları izah edilib.
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Təlimdə, həmçinin reyestrin digər faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi və digər xüsusiyyətlər qeyd edilib.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nə müvafiq olaraq yaradılıb. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunu ilə reyestrin yaradılmasının hüquqi əsasları müəyyən edilib.
Oktyabrın 30-na qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, yüklənmiş bildirişlərin sayı isə 27 mindən çox olub.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə Qanunda nəzərdə tutulmuş reyestrin aparılması palataya tapşırılıb, bu məqsədlə palata tərəfindən müvafiq reyestr yaradılaraq martın 15-də istifadəyə verilib.