MƏDƏNİYYƏT
Daşkənddə Novruz şənliyi keçirilib
Daşkənd, 17 mart, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin binası qarşısında keçirilən tədbirdə səfirliyimizin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin nümayəndələri, Daşkənddə yaşayan soydaşlarımız, qardaş özbək xalqının təmsilçiləri, ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.
Tədbir çərçivəsində Novruz xonçaları bəzədilib, milli musiqi alətləri və bayram atributlarından ibarət kompozisiya təşkil olunub.
Səfirliyin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və özbək xalqlarının milli bayramı - Novruz haqqında danışıb, bu bayramın tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi əks etdirdiyini, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb. Azərbaycanda və Özbəkistanda dövlət səviyyəsində geniş qeyd olunan Novruzun Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladan diplomat keçmişimizin ən dərin qatlarından gələn bu bayramın xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olduğunu söyləyib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev Novruz adət-ənənələrinin günümüzə gəlib çatmasında xalqlarımızın müstəsna xidmətlərini vurğulayıblar.
Tədbirdə qonaq qismində iştirak edən azərbaycanlı rəssam-modelyer, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, Azərbaycanın keçmişinə və müasirliyinə dair əl işini Mədəniyyət Mərkəzinin muzeyinə bağışlayıb.
Sonra Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram təqdim edilib. Özbəkistanın tanınmış “Fərhad və Şirin”, “Asl” qrupları və digər incəsənət ustaları, Mərkəzin nəzdindəki rəqs qrupları çıxış ediblər.
Tədbirdə Özbəkistanın “Zarqaynar” geyim evinin modelyer qızları Azərbaycan, o cümlədən Qarabağ geyimlərini, Novruz bayramına aid atributları nümayiş etdiriblər.
Bayram şənliyi pəhləvanların və sirk ustalarının çıxışları ilə davam edib. Novruz tonqalına od vurulub, tədbir iştirakçıları Novruzun rəmzinə çevrilmiş milli şirniyyatlarımıza və bayram süfrəsinə qonaq ediliblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd