İQTİSADİYYAT
“Daşkəsən Filizsaflaşdırma”da işçilərin sosial müdafiəsi gücləndirilir
Bakı, 27 fevral, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi“ Qapalı Səhmdar Cəmiyyətinin (QSC) struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də texniki bazanın yenidən qurulması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi üçün müvafiq tədbirlərin icrasına başlanılıb.
Bu barədə QSC-dən AZƏRTAC-a məlumat veriblər.
Bildirilir ki, “Daşkəsən Filizsaflaşdırma”da işləyən işçilərin maaşları ötən ilin oktyabrından 20 faiz artırılıb.
İşçilərin iş şəraiti xeyli yaxşılaşdırılıb. Belə ki, dəmir filizinin çıxarıldığı Cənubi Daşkəsən mədənində qrunt sularının mədəndən çıxarılması üçün qurğu istifadəyə verilib, əməkdaşlar arasında radio əlaqəsi yaradılıb. Mədənin müvafiq yerlərində və ekskavatorda odsöndürən balonlar yerləşdirilib, əzici və qırıcı qurğuları müşahidə etmək üçün müşahidə məntəqəsi yaradılıb. Qurğular yerləşdirilən binalar işıqlandırma sistemi ilə təchiz olunub, ilkin tibbi yardım üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Bütün sınaq və ölçü avadanlıqları işlək vəziyyətə gətirilib.
Müəssisədə çalışan işçilər yay, qış geyimi, qoruyucu dəbilqə və digər gərəkli vasitələrlə təmin edilib. Görülən tədbirlər ilkin və zəruri xarakter daşıyır. Əməyin təhlükəsizliyi məsələlərini ən yüksək səviyyəyə çatdırmaq üçün cəhdlər davam etdirilir.
Kompleksin kadr potensialının formalaşdırılması və elmi-tədqiqat işlərinin aparılması üçün Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə memorandumlar imzalanıb və işçi qrupları yaradılıb. Hazırda bu qruplar təsdiqlənmiş tədbirlər planına uyğun fəaliyyət göstərirlər.