REGİONLAR
Daşkəsənli qadınların biznes bacarıqlarının inkişafı üçün forum və təlimlər keçiriləcək
Daşkəsən, 11 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə “İşgüzar qadınlar üçün “DAYAQ” mentorluq proqramı”nın icrası çərçivəsində daşkəsənli qadınlarla görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşdə 100-dən çox qadın iştirak edib.
Rayon icra hakimiyyətinin məsul işçisi Elmar Əliyev görüşdə çıxış edərək deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2017-ci ilin aprelində və cari ilin yanvarında Daşkəsəndə bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində “DAYAQ” mentorluq proqramını iki mərhələdə həyata keçirib və həmin seminarlar rayonun bələdiyyə üzvü olan qadınları tərəfindən böyük maraqla qarşılanıb.
O, əminliyini bildirib ki, “İşgüzar qadınlar üçün “DAYAQ” mentorluq proqramı” rayonun, xüsusilə kənd yerlərində yaşayan qadınların ehtiyac və imkanlarının öyrənilməsi baxımından həm səmərəli olacaq, həm də qadın sahibkarlığının inkişafına töhfə verəcək.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva layihənin məqsəd və imkanları barədə geniş məlumat verərək qeyd edib ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yaxud bunu arzulayan qadınlarla işin təşkili, biznes bacarıqlarının inkişafı üçün forum və təlimlər keçiriləcək. Bu görüşün əsas məqsədlərindən biri də həmin tədbirlərdə iştirak üçün Daşkəsən rayonundan 35 qadının seçilməsi, onların layihələrinə dəstək verilməsidir.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, metodik vəsaitlər paylanıb.