CƏMİYYƏT
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələr aşkarlanaraq götürülüb
Bakı, 25 oktyabr, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetamin, 60 qramdan çox heroin və 420 qrama yaxın tiryək aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan çox çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan çox metamfetamin aşkarlanıb.
Polis tərəfindən araşdırmalar davam etdirilir.