CƏMİYYƏT
Dekabrın birinci ongünlüyündə ölkə ərazisində havanın qeyri-sabit olacağı gözlənilir
Bakı, 30 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə bir qədər çox olacağı ehtimal edilir. Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarət gecələr 3-8°, bəzi günlərdə 0°-yə yaxın, gündüzlər 8-13°, bəzi günlərdə 3-6° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) bildirilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-5° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Hərarətin gecələr 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 12-17° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə isə 0-5° şaxta olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 14-35 mm).
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 0-5°, bəzi günlərdə 7-10° şaxta, gündüzlər 2-7° isti, bəzi günlərdə 0-5° şaxta olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı bildirilir ki, bu da iqlim normasına yaxın və 1° aşağıdır. Hərarətin gecələr 1° şaxtadan 4°-dək isti, bəzi günlərdə 4-6° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 1-3° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (13-32 mm) olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarət gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 5-10°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüzlər 5-10°, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-48 mm) ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Hərarətin gecələr 1-6° isti, bəzi günlərdə 1-5° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 14° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm) olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 3-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Hərarətin gecələr 1-6° isti, bəzi günlərdə 1-4°, dağlarda 5-10° şaxta, gündüzlər 6-10°, bəzi günlərdə 13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 45-106 mm) proqnozlaşdırılır.