ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşı “Güllər parkı”nın ərazisində tədqiqat aparıb
Bakı, 6 iyul, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Gülməmmədova tərəfindən 2022-ci il üçün tərtib edilən elmi-tədqiqat işlərinin əhatəli planına əsasən, Bakı şəhərinin park-bağlarında dekorativ bitkilərin taksonomik tərkibi və kompozisiyaların tərtibatının öyrənilməsi məqsədilə “Güllər parkı”nın ərazisinə ekspedisiya təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 38 növdən ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi və mənşəyi təyin edilib. Həmçinin bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya mənzərəli (orijinal formalı) üslublarda tərtibatı, dekorativ ağac və kol bitkilərinin budanma formaları, kompozisiyaların ətrafında kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadəsi öyrənilib.
Müəyyən edilib ki, bu növlər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və yaşıllaşdırmada, park və bağların landşaft dizaynında geniş istifadə oluna bilər.