İQTİSADİYYAT
Dənizçilər “Elektron hökumət” portalından istifadəsi ilə bağlı maarifləndirilib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı dənizçilər arasında maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, maarifləndirmə tədbiri, Azərbaycan Respublikası Prezidentinin 2016–cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016–2018–ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 2017–ci il iş planına uyğun olaraq keçirilib.
Tədbirdə Dövlət Dəniz Administrasiyasının rəsmi internet səhifəsindən rahat və düzgün istifadə qaydaları izah olunub.
Dənizçilərə, Dövlət Dəniz Administrasiyasının rəsmi internet səhifəsində göstərilən və daim işlək olan 17 elektron xidmət barədə məlumat verilib. Bütün xidmətlərin elektron hökumət portalına inteqrasiya olunması və real vaxt üzrə işləməsi diqqətə çatdırılıb.
Maarifləndirmə tədbirində, hökumət portalından istifadə edərək qeydiyyatdan keçən iştirakçılar elektron imza və istifadəçi adını əldəetmə qaydalarından yararlanıblar.
Daha sonra iştirakçılar Administrasiyanın rəsmi internet səhifəsinə daxil olaraq aidiyyəti sualları ünvanlamaq üçün saytda daim aktiv olan “Bizimlə Əlaqə” bölməsinin real istifadə imkanları ilə yaxından tanış olublar.
Maraqlı müzakirələrlə davam edən maarifləndirmə tədbirində bütün suallar ətraflı cavablandırılıb.