CƏMİYYƏT
Dənizkənarı Milli Parkda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə polislər tərəfindən reyd keçirilibVİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Dənizkənarı Milli Parkda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə velosipedlərin hərəkəti üçün müvafiq zolaqların olmasına baxmayaraq, qaydalara əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara tövsiyələr verilib. Diqqətə çatdırılıb ki, əhalinin istirahət etdiyi Dənizkənarı Milli Park ərazisində velosipedlərin hərəkətini tənzimlənməyən işarələr vurulub. Velosiped istifadəçiləri bu qaydalara əməl etməlidirlər. Yalnız icazə verilən yerlərdə velosipedlərin hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmur. Bununla bağlı Dənizkənarı Milli Parkın mərkəzi əraziləri istisna olmaqla, digər yerlərdə - Yeni bulvar və Bayıl bulvarında müvafiq yerlərdə xüsusi zolaqlar ayrılıb ki, orada velosipedlərin hərəkətinə icazə verilir. Velosiped istifadəçilərinə ərazidə mövcud qaydalara əməl etməklə digər şəxslərin hüquqlarına hörmətlə yanaşmaları tövsiyə olunub.
Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb, onların barəsində müvafiq protokollar tərtib olunub.
Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirlər davam etdirilir.