İQTİSADİYYAT
Depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə 1.75 milyard manat cəlb edilib
Bakı, 26 noyabr, AZƏRTAC
2018-ci ilin 9 ayında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 41 depozit hərracı, notların yerləşdirilməsi üzrə isə 37 hərrac keçirib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadla xəbər verir ki, depozit əməliyyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1.75 milyard manat olub.
Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 milyon manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 1050 milyon manat təşkil edib. Cari ilin 9 ayının sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 9.7 faiz azalıb.
Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin aşağı düşməsinə baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2.6 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.4 dəfə üstələyib. Bu bank sistemində izafi likvidliyin yüksək olduğunu göstərir.