SİYASƏT
Deputat: ABŞ prezidentinin erməni məsələsi ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir
Bakı, 25 aprel, Səadət Hakıyeva, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir və dünyanın hər bir yerində yaşayan, özünü türk sayan insanlar üçün təhqirdir. Çünki tarixdə olmayan bir şeyi bu formada bir millətin adına yazmaq onu təhqir etmək deməkdir. Əgər söhbət soyqırımdan gedirsə, onların yaxın keçmişdəki ulu babaları yaşadıqları ərazidə Amerika hindularına qarşı soyqırımı törədiblər. Madam ki, tarixi məsələlərə dövlət və Prezident qarışır, onda elə ilk olaraq ABŞ-ın özündən başlamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
A.Məmmədov vurğulayıb ki, Türkiyə dəfələrlə bu məsələni tarixçilərin öhdəsinə buraxmağı və onların arxiv materialları əsasında həqiqəti meydana çıxarmalarını təklif edib. Digər tərəfdən, əgər Türkiyə keçmişinə görə hesabat verməlidirsə, onda ABŞ dövləti qurularkən yerli hinduların kütləvi şəkildə qətlə yetirilməsinin hesabatını kim verməlidir? Əfqanıstanda, İraqda qətlə yetirilən mülki vətəndaşların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda öldürülən insanların hesabatını kim verməlidir? ABŞ prezidenti buna niyə münasibət bildirmir? Çox təəssüf ki, tarixdə olmayan hadisəni qəbul edən ABŞ prezidenti dünyanın gözü qarşısında ermənilərin törətdiyi və konkret sənədlərdə, audio, videoyazılarda əks olunan Xocalı soyqırımını hələ də görmək istəmir.
Deputat qeyd edib ki, hələ 2009-cu ildə Barak Obama prezident seçildikdən sonra erməni lobbisinin qarşıya qoyduğu əsas məsələlərdən biri o idi ki, 24 aprel çıxışında “soyqırımı” sözünü işlətsin. Düzdür, Barak Obama o zaman “soyqırımı” sözü işlətmədi, erməni dilində olan frazadan istifadə etdi. Elə həmin gün də ABŞ Konqresinin bir qrup nümayəndəsi Obamaya açıq məktub yazdı. Bu məktubun məğzi ondan ibarət idi ki, əgər biz ermənilərə verilən sözü tutmasaq, gələn seçkilərdə Kaliforniya ştatında demokratlar uduzacaq. Bu da gülünc məsələdir. Onda belə çıxır ki, hələ o vaxtdan bəri bu boyda ABŞ dövlətini yönəldən erməni lobbisidir?
Anar Məmmədov bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, indi də Türkiyənin yanındadır, onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Türkiyənin problemlərini öz problemi, sevincini də öz sevinci hesab edir. “Bu gün biz bütün türkdilli ölkələrlə birlikdə Türkiyə ilə həmrəy olduğumuzu bildirməliyik. Bütün İslam dünyası bu həmrəyliyə qoşulmalıdır”, - deyə deputat bildirib.