SİYASƏT
Deputat: Avropa Şurasından daha fəal iştirak və qətiyyət görmək istəyirik
Strasburq, 25 yanvar, AZƏRTAC
COVID pandemiyası bütün dünyada səhiyyə və insan hüquqları sahələrində psixoloji, iqtisadi, sosial və siyasi böhrana səbəb oldu və əsl çağırışa çevrildi. Ukraynadakı müharibə bütün Avropaya təsir etdi və Ukrayna xalqı üçün də ciddi böhrana səbəb oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Avropa Şurası Dövlət və Hökumət Başçılarının dördüncü Zirvə Görüşünə dair qurumun təkliflərinə dair məruzənin müzakirələri zamanı deyib.
Qeyd edilib ki, stresli şəraitdə çərçivələr daralır və daha vacib məsələlər arxa plana keçir. Hökumətlər böhran zamanlarında yalnız əməkdaşlıq səylərinin dəyərli olduğuna əmin olduqda, müttəfiqlərinin bacarığına və sədaqətinə inandıqda milli mentalitetə qalib gələ bilər. Avropa Şurası planında isə üzv dövlətlərin etimadı böhranın səmərəli idarə olunmasının vacib komponentidir. Geniş iqtisadi inteqrasiya və qarşılıqlı birliyə əsaslanan ümumi maraqlar bu cür etimadı artırır. Hər hansı məsələnin həllində etimad labüddür, eləcə də zaman etimadı gücləndirmək üçün ən uğurlu vasitədir.
“Avropa Şurası ciddi etimad böhranı yaşayır, lakin son nailiyyətlər nəticəsində çətin məsələləri həll etmək istiqamətində özünəinam qazanıb. İnam arta bildiyi kimi, tez də sarsılır”, - deyə S. Fətəliyeva qeyd edib.
Standartlar və yanaşmalarla bağlı üzv dövlətlərdə aparılan sorğuların nəticələrinə əsasən Avropada demokratik təhlükəsizliyin kövrəkləşdiyini deyən S.Fətəliyeva bildirib: “Avropanın üzləşdiyi məsələlərə ciddi əhəmiyyət verməklə, Avropa Şurası üzv dövlətlərin öhdəliklərinə riayət etməsinə daha çox diqqət yetirməli və vaxtında hərəkətə keçməlidir. İnsan hüquqları müddəalarına, qanunun aliliyinə Avropa Şurasının əsas bəyannamələrində olduğu kimi hörmət edilməlidir. Ancaq təəssüf ki, bəzən ikili standartlarla qarşılaşırıq. Bəzi hallarda qeyri-şərtsiz dəstək, bəzən isə sərt reaksiyalar görürük. Digər hallarda isə yanlış ifadələrin səslənməsi, ikili standartlar, anlayış və dəyərlərin təhrif olunması ilə üzləşirik.
Bu onu göstərir ki, mövcud risklər ekzistensial deyil, yalnız bəzi proseslərin nəticələri kimi qəbul edilir. Bu Azərbaycan üçün son dərəcə vacibdir, xüsusilə də Ermənistanla münasibətlərin normallaşdırılmasından, regionda sülh və sabitlikdən danışanda Avropa Şurasından daha fəal iştirak və qətiyyət görmək istəyirik”.
S.Fətəliyeva əminliklə bildirib ki, Reykyavik Sammiti üzvlük qazanmış bütün dövlətlərə Avropa Şurasının necə prinsipial, səmərəli və obyektiv ola biləcəyini xatırladacaq. Daim xatırlamaq lazımdır ki, hansı dəyərlərə xidmət edirik və onlara sadiq oluruq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq