SİYASƏT
Deputat: Düşmən üzərində qələbə bütün dünyaya bizim milli həmrəyliyimizi nümayiş etdirdi
Bakı, 8 noyabr, AZƏRTAC
Düz bir il öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və başçılığı altında Ermənistanın 30 il ərzində xarici havadarlarının dəstəyi ilə işğal altında saxladığı torpaqlarımızı azad etdi. Ordumuzun sentyabrın 27-dən başlanan Zəfər yürüşü başa çatdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.
Bu Qələbə adi yürüş olmadı. Bu, Ali Baş Komandanımızla xalqımızın daxili həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi və igid oğullarımızın qanı bahasına başa gəldi. Ancaq bu 44 günlük Vətən müharibəsi və 30 il ərzində dişinə kimi silahlanmış, çoxmərtəbəli yeraltı istehkamlar qurmuş və yalnız müharibə siyasətinə köklənmiş düşmən üzərində Qələbə bütün dünyaya bizim milli həmrəyliyimizi nümayiş etdirdi və özümüzü də inandırdı ki, bəzən fikir ayrılıqlarına baxmayaraq, milli məsələlərdə, torpaqlarımızın azadlığı məsələsində bir yumruq kimi birləşə bilərik. Xalqımız başa düşdü ki, biz zəif deyilik, biz əzilmiş, torpaqları işğal altında, əhalisi köçkün və qaçqın vəziyyətində yaşamağa məhkum olan xalq deyilik. Biz sözün həqiqi mənasında güclü xalqıq. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı, öz qələbəsini döyüş meydanında əldə etdi. Ancaq bu Qələbə yalnız müharibə çətinlikləri ilə başa gəlmədi.
Mediadan aldığımız məlumatlar, dövlətin rəsmi nümayəndələrinin verdikləri açıqlamalardan başa düşmək olur ki, dövlətimiz və dövlət başçımız bu müharibə zamanı nə qədər böyük sınaqlardan çıxmış, hansı ağır təzyiqlərə məruz qalmışdır. Biz bunları Prezidentimiz İlham Əliyev cənablarının dünyanın aparıcı mediasına verdiyi müsahibələrdən, onun qarşısına qoyulan provokasiya xarakterli sualları necə siyasətlə cavablandırmasından başa düşürük. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana nə qədər diplomatik və siyasi təzyiqlərə məruz qaldıq. Yəqin ki, gələcəkdə bir gün açıqlanan məqamlar çətinliklərimizin yalnız cüzi hissəsindən xəbərdar olduğumuzu göstərəcək.
Ancaq bu Qələbə bir çox məqamları da faş etdi. Qədim, bütün insanların alisi, ancaq haqsız yerə incidilən, təqib edilən məzlum və eyni zamanda, qəhrəman olması haqqında uydurulmuş erməni mifini darmadağın etdi.
Mülki insanlara qarşı törətdiyi cinayətlərin müqabilində Azərbaycan dövlətinin dönə-dönə biz mülki əhali ilə mübarizə aparmırıq, qisasımızı döyüş meydanında alırıq şüarı bir daha kimin kim olduğunu göstərdi.
Bu müharibə işğal olunmuş ərazilərimizdə mədəni irsimizə vurulmuş zərbə, mənəvi sərvətlərimizin talan edilməsi, məzarlıq və məscidlərimizin, dini və tarixi abidələrimizin təhqir edilməsi, XXI əsr sivil şüuruna sığışmayan barbarlıq qarşısında Azərbaycanda erməni kilsələrinin qorunub saxlanması da Azərbaycan xalqının qüdrətini, mərdliyini və humanizmini göstərdi, Ermənistandan fərqli olaraq, etnik təmizləmə məqsədi güdmədiyini isə əməlləri ilə sübut etdi.
Erməni vəhşilikləri qarşısında Azərbaycan xalqının bu mərdanəliyi, alicənablığı daha parlaq görünür, bunu etiraf etmək istəməyən erməni havadarları da görür və başa düşür.
Azərbaycan xalqı tarixi Qələbəsini öz müdrik rəhbəri, güclü ordusu, xalq-iqtidar birliyi sayəsində qazandı.
Bu, Azərbaycan xalqının şanlı Qələbəsidir.
Bu, Azərbaycanın tam və qeyd-şərtsiz Qələbəsidir. Xalqımız tarixin bu ağır sınağından üzüağ çıxdı.