SİYASƏT


Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir

Bakı, 23 iyun, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlarla Ermənistan ordusunu darmadağın edərək, erməni faşizminə qalib gəldi. Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Ermənistanda ictimai-siyasi vəziyyət nəzarətdən çıxdı, siyasi, hərbi, sosial, iqtisadi və digər sahələrdə böhran dərinləşdi, ölkədə vətəndaş qarşıdurması, anarxiya və xaos hökm sürməyə başladı. Hərbi əməliyyatların bitməsindən 7 ay keçməsinə rəğmən, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələyir. İyunun 20-də Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri məhz Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrilməyi bacarıb. Eyni zamanda, bu illər ərzində Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qalıb, işğalçı ölkənin iqtisadiyyatı çöküb, əhalinin sosial durumu ağırlaşıb, bu dövlət xarici yardımdan asılı vəziyyətə düşüb.

Diqqətə çatdırılıb ki, ildən-ilə güclənən Azərbaycan dövlətinin həyata keçirdiyi fəal və uğurlu diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verib, Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirib. Gündən-günə dərinləşən ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa və Köçəryan-Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur edib. İqtisadi cəhətdən zəifləyən Ermənistanda insanların ağır sosial durum səbəbindən ölkəni tərk etmələri davamlı hal alaraq, ölkə üçün ciddi miqrasiya problemləri də yaradıb. Xunta rejimləri uzun illər erməni cəmiyyətində mifik təsəvvürlər formalaşdırmağa çalışmaqla, işğalçılıq siyasətindən əl çəkməməklə ölkəni hərtərəfli uğursuzluğa düçar edib.

Deputat qeyd edib ki, iyunun 20-də Ermənistanda keçirilən parlament seçkilərində Köçəryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir və revanşistlərə yenidən meydan vermək istəmir. Çünki Ermənistanda artıq dərk etməyə başlayıblar ki, Azərbaycana qarşı torpaq iddiaları bu ölkə və xalq üçün yaxşı heç nə vəd etmir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlıq etdiyi rəşadətli Azərbaycan Ordusu R.Köçəryan və S.Sarkisyanın yaratdıqları Ermənistan ordusunu məhv etdiyi kimi, dövlətimizin başçısının diplomatik bacarığı, həyata keçirdiyi qətiyyətli siyasət bu cütlüyü həm də siyasi meydanda da məhv etdi. Bu arada Prezident İlham Əliyevin “Köçəryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” fikrini bir daha xatırlatmaq yerinə düşür.

Ermənistanda keçirilən seçkilərin nəticələrinin erməni xalqının məğlubiyyətdən sonra demoralizə olduğunu və müharibədən bezdiyini göstərdiyini deyən Cavid Osmanov vurğulayıb ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı uğur Sarkisyan rejiminin sonu idisə, 2020-ci il Vətən müharibəsindəki məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdışı ümidinin üzərindən birdəfəlik xətt çəkdi. “Siyasi manipulyasiyalarla hakimiyyətlərini təmin etmək istəyən revanşistlər xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq sadə insanlar yaranmış reallıqları qəbul etmək məcburiyyətində qaldıqları üçün Ermənistanda revanşistlərin heç bir siyasi perspektivi yoxdur. Ermənistanda seçki günü yaşanan gərginliklər, edilən rüsvayçı müdaxilələr bu ölkədə ictimai-siyasi böhranı bir qədər də dərinləşdirdi. Eyni zamanda, kobud seçki pozuntularına Qərb dairələrindən heç bir iradın olmaması və seçkilərin nəticələri N.Paşinyanın Qərblə ciddi bağlantılarının olduğunu təsdiqlədi, onun Soros Fondunun diktəsi ilə hərəkət etdiyinin sirr olmadığını isbatladı”.

Deputat bildirib ki, qarşıdan gələn dövrdə konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə, yeni formalaşacaq Ermənistan hakimiyyəti yaranmış geosiyasi reallığın təqdim etdiyi imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Təbii ki, bu, regionda sülh və təhlükəsizlik üçün əsas şərtlərdən biridir. Həmçinin bu, gələcəyi suallar altında olan zəif Ermənistan üçün daha vacibdir. Onsuz da Azərbaycan güclü iqtisadiyyata sahibdir və regionda güc mərkəzidir. Qalib ölkə olaraq da diktə edən tərəfdir. Ermənistan isə regionda yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətindədir. Sadəcə, konstruktiv mövqe nümayiş etdirmək bu ölkə üçün əlavə problemlərin yaranmaması demək olacaq. Əks halda, “dəmir yumruq” yenidən öz sözünü deyəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.