SİYASƏT


Deputat: Qarşıdakı dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirəcəyi halda, yeni imkanlardan bəhrələnə bilər

Bakı, 22 iyun, AZƏRTAC

Ermənistanda keçirilmiş parlament seçkilərində Köçəryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir. Heç kimin yenidən revanşistlərə meydan vermək niyyəti yoxdur və Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kimə lazım deyil. Bu seçkilərin nəticəsi onu da göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev R.Köçəryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, biz Azərbaycan xalqının cəlladlarını, Xocalı cəlladlarını- Köçəryan və Sarkisyanı məğlub etmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat vurğulayıb ki, seçkilərin nəticələri erməni xalqının müharibədən bezdiyini göstərdi. Hələ 2016-cı ilin aprelindəki məğlubiyyət Sarkisyan rejiminin sonu olmuşdu. Ötənilki məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış ümidlərini məhv etdi.

“Otuz il davam edən işğal siyasəti Ermənistanı təcrid edərək, ciddi sosial-iqtisadi problemlər yaratdı. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regiondakı inkişaf proseslərindən, qlobal layihələrdən kənarda qaldı, bu ölkə xarici ianələrdən asılı vəziyyətə düşdü. Nəticədə Ermənistan cəmiyyəti ayağa qalxaraq xunta rejimini arxivə göndərdi”, - deyən K.Nurullayeva diqqətə çatdırıb ki, bu illər ərzində hərbi qüdrətini və siyasi nüfuzunu artıran Azərbaycan isə strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq ərazi bütövlüyümüzün bərpasına nail oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi.

“Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi, Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirdi. Bölgədə yeni yaranmış reallıqlar Ermənistanın son şansıdır. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirəcəyi halda, yeni imkanlardan bəhrələnə bilər”, -deyə Könül Nurullayeva fikirlərini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.