CƏMİYYƏT
Dərman preparatlarının gömrük nəzarətindən gizlədilməsi cəhdinin qarşısı alınıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Dərman preparatlarının gömrük nəzarətindən gizlədilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu fakt idarənin "Mazımçay" gömrük postunda Azərbaycan Respublikasına idxal gömrük proseduru altında yük gətirən Türkiyə Respublikasının vətəndaşı Turan İsmail Alioğlunun idarə etdiyi "DAF" markalı, TR032TR/AA078C qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qeydə alınıb.
Baxış zamanı avtomobilin salonunun yataq hissəsindəki alt yatağın üzərində olan iki ədəd əl çantasında və salonun yuxarı hissəsindəki rəfdə gömrük orqanına bəyan olunmayan 105 flakon "Aesthetic Dermal; Desinfiltral" adlı dərman preparatı aşkar edilib.
Bundan başqa, avtomobilin yataq bölməsindəki yuxarı yatağın döşəyinin altında gömrük nəzarətindən gizlədilmiş 5 qutu "Teosyal; RHR; 4; 2X1 ml", 4 qutu "Teosyal; RHR; 3; 2X1 ml", 1 ədəd qablaşdırma qutusu olmayan "Teosyal; RHR; 3; 1 ml" və 6 qutu olmaqla ümumilikdə 132 ampul "Aesthetic Dermal; RPS®HA Eyes" adlı dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.