CƏMİYYƏT
“Diabet məktəbləri. Diabetin müalicəsində tibb bacılarının rolu” mövzusunda ikigünlük təlim keçirilib
Bakı, 15 may, AZƏRTAC
Mayın 13-14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Diabet məktəbləri. Diabetin müalicəsində tibb bacılarının rolu” mövzusunda ikigünlük təlim keçirilib.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev müasir dövrdə geniş yayılmış şəkərli diabetin profilaktikası və müalicəsi istiqamətində görülən işlərdən söz açıb və bu xəstəlikdən əziyyət çəkən insanların ölkəmizdə dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb bacılarının şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirməsi üçün təşkil edilən bu təlimə görə İSİM-in rəhbərliyinə öz təşəkkürünü bildirib. O, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb: “Statistik məlumatlar göstərir ki, dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayı az deyil. Belə ki, 2019-cu ilin yanvar ayının əvvəli üçün REM-də qeydiyyata alınan diabet xəstələrinin sayı 255.470 nəfər təşkil edib ki, onların da 73.542 nəfəri Bakı şəhəri sakinidir”. Respublika Endokrinologiya Mərkəzinin həkimi Səriyyə Ağayeva pasiyentləri qeyri-infeksion xəstəliklərlə bağlı məlumatlandırılmanın əhəmiyyəti haqqında danışaraq, şəkərli diabet xəstəliyində düzgün qidalanma, preparatlarla müalicə, hipoqlikemiya, hiperqlikemiya, şəkərli diabet zamanı xroniki fəsadlardan söz açıb.
Təlim çərçivəsində diabet məktəbi üzrə praktik dərslər keçirilib və fəal iştirakçılara sertifikatlar təqdim olunub.