SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Dünya Türk Forumunda iştirak edəcəkdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə oktyabrın 20-dən 22-dək İstanbulda “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə komitənin sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri də iştirak edəcəklər.
Açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, TASAM sədri Süleyman Şensoy, DİDK-nin sədri Nazim İbrahimov, Türk Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen, nazirlər və millət vəkilləri çıxış edəcəklər.
Forum çərçivəsində “Qlobal və regional problemlərin türk dünyasına təsiri”, “Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər”, “Türk mədəniyyəti” və digər mövzularda seminarlar da keçiriləcəkdir.