ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda Anım Günü qeyd olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Professor 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbənin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan bu Qələbəni şəhidlərin qanı, canı hesabına qazanıb. İqtidar, xalq və ordu birliyi sayəsində hər keçən gün bizi parlaq Qələbəyə apardı.
Tədbirdə çıxış edənlər Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində əsgər və zabitlərimizin şücaət və fədakarlıqlarından söhbət açıb, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.