REGİONLAR
“Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda müzakirələr aparılıb
Lənkəran, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Hirkan qəsəbə tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda çıxış edən məktəbin direktoru Adil Kərimov tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynayacağından əminliyini ifadə edib.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətindən danışıb.
Tədbirdə Lənkəran Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Orxan Şahmarovun narkomaniya, erkən nikah, digər zərərli vərdişlər və onların fəsadları ilə bağlı məruzəsi dinlənilib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında ölkəmizdə zərərli vərdişlərə və dini radikalizmə qarşı mübarizə məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini söyləyib.
Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verərək, dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.