CƏMİYYƏT
Doqquz ay ərzində Göygöl Milli Parkını 215 mindən çox turist ziyarət edib
Bakı, 30 sentyabr, AZƏRTAC
İlin ötən dövrü ərzində Göygöl Milli Parkını 215 min çox turist ziyarət edib. Turistlərin əksəriyyəti Göygölü, digər qismi isə daha çox Maralgölü ziyarət ediblər.
Ziyarət edənlərin 201 min 849 nəfəri yerli turistlərdir. Milli parka giriş haqqının 25 faizini ödəyib daxil olmaq hüququna malik olanların sayı 1052 nəfər təşkil edib. Milli parka səfər edən imtiyazlı turistlərin sayı, yəni Qarabağ əlilləri, Vətən müharibəsi iştirakçıları, müharibə veteranları və şəhid ailəsi üzvlərinin ümumi sayı 8588 nəfər təşkil edib. Onlar milli parklara tam ödənişsiz daxil olurlar.
AZƏRTAC xəbər verir ki, bunu Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev jurnalistlərə müsahibəsində deyib.
F.Quliyev bildirib ki, il ərzində Azərbaycanın milli parklarında 10-a yaxın "Açıq qapı" günü keçirilir. Bu zaman ziyarətçilər milli parklara ödənişsiz daxil olurlar: "Açıq qapı" günlərində Göygöl Milli Parkını 2 minə yaxın turist ziyarət edib. Onlardan 749 nəfəri xarici turistlər olub".
Milli Parkda həyata keçirilən yeniliklər barədə məlumat verən F.Quliyev deyib: "Əvvəllər Göygöl Milli Parkında iki marşrut var idisə, hazırda onların sayı 10-a bərabərdir.
Turistlərin rahat daxil olmasını təmin etmək üçün yüksəkkeçidli terminallar quraşdırılıb. Nəticədə eyni anda 3 maşın qəbul etmək imkanımız var. Milli Parkda Azərbaycanda ən çox ziyarət olunan məkan kimi turistlərin sıxlığı müşahidə olunur. Bunun qarşısını almaq üçün təkmilləşdirmələr aparılır. Həmçinin milli parkda 60-70 maşın tutumu olan parkinq də yaradılıb".
F.Quliyev xatırladıb ki, sentyabrın 30-u məhz elə Göygölün yarandığı gündür. Belə ki, 1139-cu il sentyabrın 30-da Gəncədə baş verən güclü zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə 20-yə yaxın irili-xırdalı göl yaranıb. Onlardan biri də Göygöldür.
"Vətəndaşları milli parkın payız mənzərələrini seyr etməyə dəvət edirəm", - deyə F.Quliyev fikirlərini tamamlayıb.