İQTİSADİYYAT
Doqquz ayda ölkədən 142,3 milyon dollarlıq pomidor ixrac olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (142,3 milyon ABŞ dolları) liderliyini qoruyub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Qeyd olunur ki, bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, bu ilin 9 ayında meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon dollar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.