İQTİSADİYYAT


Doqquz ayda qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon dollarlıq mal ixrac olunub

Bakı, 30 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin oktyabr sayı təqdim olunub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6 milyon, İsveçrəyə 105,2 milyon, Gürcüstana 97,4 milyon və Qazaxıstana 34,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub. Bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin yanvar- sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 64,6 faiz, pambıq ipliyinin ixracı 37,8 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 22,9 faiz, meyvə-tərəvəzin ixracı 11,8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5,5 faiz artıb.

2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları təşkil edib və ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (27 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyə (25,7 milyon ABŞ dolları), İsveçrə (13 milyon ABŞ dolları), Gürcüstan (8,9 milyon ABŞ dolları) və Qazaxıstan (3,8 milyon ABŞ dolları) qərarlaşıb. Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) birinci, qızıl (11,9 milyon ABŞ dolları) ikinci, metanol (7,1 milyon ABŞ dolları) isə üçüncü olub.

"İxrac İcmalı"nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "Azfruittrade" MMC, "Food Export Şəmkir" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC və "Sun Food" MMC önə çıxıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "AzerGold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "CTS-Agro" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. 2018-ci ilin yanvar-sentyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin 9 ayında "Azərkosmos" ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 16,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Sentyabr ayında isə "Azərkosmos" ASC-nin xidmət ixracının dəyəri 1,4 milyon ABŞ dolları olub. "Azərkosmos" ASC-nin 2018-ci ilin ilk 9 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

Eyni zamanda, "İxrac İcmalı"nda məlumat verilib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 2208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 1002 milyon manat təşkil edib və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu əməliyyatların dəyəri 205 milyon AZN və ya 25 faiz artıb.

2018-ci ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 114 milyon manat təşkil edib və ötən ilin sentyabr ayı ilə müqayisədə 23 faiz artıb.

"İxrac İcmalı"nda 2018-ci ilin yanvar-sentyabr ayları ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin sentyabr ayı ərzində "Azexport.az" portalına 43 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin yanvar-sentyabr aylarında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 410 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında "Azexport.az" portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 15 faiz artıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci il sentyabrın 30-dək "Azexport.az" portalına dünyanın 106 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 885 milyon ABŞ dolları təşkil edib.

"İxrac İcmalı"nın sentyabr sayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin oktyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirdikləri ixracın dəyəri 13,2 milyon ABŞ dollarından çox olub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Həmçinin "İxrac İcmalı"nın oktyabr sayında "Azexport.az" portalı və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumunun imzalanması, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminarın keçirilməsi, Monqolustana ixrac missiyasının təşkil olunması və digər məsələlər barədə məlumatlar verilib.

"İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.