İQTİSADİYYAT
Dörd ayda 179 min əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb
Bakı, 24 may, AZƏRTAC
Bu ilin ilk 4 ayı ərzində 179 min 416 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Cari ilin ilk 4 ayı ərzindəki göstəricinin 27 min 980-i (15,6 faiz) ilkin, 151 min 436-sı (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ilkin qeydiyyat 6,2 faiz artıb.
Yanvar-aprel aylarında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15 min 623-ü fərdi yaşayış və bağ evi, 29 min 834-ü mənzil, 130 min 282-si torpaq sahəsi, 1015-i qeyri-yaşayış binası, 2409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30 min 829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Hesabat dövründə 149 min 541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,2 faiz çoxdur. 2023-cü ilin yanvar-aprel ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 24 min 769 olub.