İQTİSADİYYAT
® “Unibank” yaşıl layihələrin dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
“Unibank” yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına uyğun yaşıl istiqrazların emissiyası istiqamətində AIFC Yaşıl Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa başlayıb.
Bu əməkdaşlıq 2024-cü il üçün bankın strateji inkişaf prioritetlərindən olan “ESG” (Ətraf mühit, Sosial və İdarəetmə) istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq. “Unibank” bu strategiyanın reallaşdırılması istiqamətində yaşıl layihələrin dəstəklənməsinə xüsusi diqqət yetirir.
Yaşıl istiqrazların emissiyası layihəsinin ikili əməkdaşlıq fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə konsultant və dəstəkçi qismində “Unicapital” investisiya şirkəti çıxış edəcək.
Yaşıl istiqrazların emissiyası Azərbaycanın maliyyə infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin mühafizəsinə yönəldəcək layihələrdəndir.
Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi yaşıl istiqrazlar prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İl çərçivəsində istər dövlət, istərsə də özəl strukturlar bu istiqamətdə yeni layihələrin reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır. Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir. İqlim dəyişiklikləri, ekosistemin pozulması və ekoloji çirklənmə kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
“Unibank” KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
“Unibank” - Sənin Bankın!