İQTİSADİYYAT
Dövlət Dəniz Agentliyi Londonda Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında təmsil olunur
Bakı, 3 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT–nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz (BDT) Təhlükəsizliyi Komitəsinin 100–cü sessiyasında iştirak edir.
Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 7-dək davam edəcək sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, nəzarət tələb olunmadan idarə edilən gəmilərin (MASS) istifadə edilməsi üzrə tənzimləyici araşdırma, yeni inşa edilən gəmi standartları, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS 74) tətbiq olunmayan qütb sularında istismar edilən gəmilərin təhlükəsizlik tədbirləri, dənizin çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlər, gəmi sistem və avadanlığı, insan faktoru, təlim və növbəçəkmə, yüklərin və konteynerlərin daşınması, BDT-nin sənədlərinin tətbiq olunması, yeni tədbirlərin həyata keçirilməsi üçün potensialın artırılması, gəmilərə qarşı yönəlmiş quldurluq və silahlı basqın, dənizlə təhlükəli miqrant keçidi müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Sessiyanın sonunda 2019–cu il üçün sədr və sədr müavinləri seçiləcək.