ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi abituriyent hazırlıq kursları təşkil etmədiyini açıqlayıb
Bakı, 19 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) qurumun ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən şəxslərə hazırlıq kursu təşkil etməsi məsələsinə münasibət bildirib. Abituriyentlərin nəzərinə çatdırılıb ki, DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən şəxslər üçün hər hansı hazırlıq kursu təşkil edilmir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, DİM tərəfindən yalnız müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edilir. Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir.