ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

Bakı, 17 sentyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar oktyabrın 9-dan Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.

Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat oktyabrın 7-si saat 23.59-dək davam edəcək.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Sertifikat əldə edənlər müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.