ELM VƏ TƏHSİL
Dövlət İqtisad Universitetində Rus İqtisadiyyat Məktəbi yaradılıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbi (RİM) yaradılıb. Bundan sonra UNEC-in bakalavr pilləsinin rus bölümündə oxuyan tələbələr RİM-də təhsil alacaqlar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məktəbin yaradılmasının məqsədi rusdilli təhsil məkanına inteqrasiya edərək buranın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda, rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də gələcəkdə RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi nəzərdə tutulur.
RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri dərs deyəcək. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri ustad dərsləri və seminarlar keçəcəklər. Eyni zamanda, tələbələrin Rusiyanın nüfuzlu koprorativ strukturlarında istehsalat təcrübəsinə göndərilməsi nəzərdə tutulub.
Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarəedilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalı olacaq. Bu da ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət göstərəcək.
Qeyd edək ki, UNEC Cənubi Qafqaz regionunda dörd dildə təhsil verən yeganə iqtisadyönümlü universitetdir. UNEC-də təhsilin türk dilində tədris edildiyi türk dünyası işlətmə fakültəsi və ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Rus İqtisadiyyat Məktəbinin yaradılması ilə bu ali təhsil ocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünmüş olacaq ki, bu da təhsildə yüksək keyfiyyəti təmin edəcək.