CƏMİYYƏT


Dövlət Komitəsində BMT-nin rezident əlaqələndiricisi ilə görüş olub

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bildirilib ki, ötən ilin payızında Azərbaycan təcavüzkar Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad edib, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə geri qayıtması üçün şərait yaranıb. Onların könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədilə işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində iş aparılır. Həmçinin diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi bu prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Bir neçə gün öncə Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev Kəlbəcərdə mina partlaması nəticəsində həlak olublar.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında əhalinin geri qayıdışı zamanı da BMT QAK-la əməkdaşlığın vacibliyi qeyd edilib.

Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi dövlət siyasətinə bir daha diqqət çəkilib. Həmçinin qeyd edilib ki, münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində Azərbaycan humanitar fəlakətdən xilas olub.

Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Qulam İshaqzainin də iştirakı ilə 2019-cu il iyulun 9-da keçirilmiş “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı BMT qurumları ilə birgə təşkil olunmuş tədbir məmnunluqla xatırlanıb.

Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə sədr Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb. BMT təsisatlarının əhalinin həssas kateqoriyalarından biri olan məcburi köçkünlərlə bağlı keçirilən layihələrinə görə təşəkkür bildirilib.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkür edib. Dövlət Komitəsinin sədri onu bərpa-quruculuq işlərindən sonra işğaldan azad edilmiş ərazilərə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.