CƏMİYYƏT
Dövlət Komitəsinin sədri Mingəçevirdə məcburi köçkünləri qəbul edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir, Yevlax və Tərtərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların müraciətləri, əsasən, mənzil-məişət, məşğulluq, kommunal xidmətlər, statusun verilməsi və digər məsələlərlə əlaqədar olub. Müraciətlərin bir qismi yerində həll edilib.
Məlumat verilib ki, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, onların maddi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və onların həlli üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva da məcburi köçkünlərin problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır. Birinci vitse-prezidentin hələ də ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı aparılan işlərin sürətləndirilməsi üçün verdiyi tapşırıqların icrası davam etdirilir.
Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.