REGİONLAR
Dövlət Miqrasiya Xidməti əcnəbilərin maarifləndirilməsi tədbirlərini uğurla davam etdirir
Naxçıvan, 26 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir təşkil edilib.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən xidmətin əməkdaşı Kənan Məmmədov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu istiqamətdə keçirilən tədbirlər muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maariflənməsində, həmçinin onların hüquq və azadlıqları ilə bağlı məlumatlı olmasında mühüm rol oynayır.
Vurğulanıb ki, müasir Naxçıvan öz dinamik sosial-iqtisadi tərəqqisi ilə müstəqil dövlətimizin ən böyük uğurlarından hesab edilir. Bu gün həyata keçirilən düzgün siyasətin real bəhrələri və məntiqi nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası hər ötən il miqrantların daha çox marağını cəlb edir, buraya səfər etmək niyyətində olanların sayı artır.
Diqqətə çatdırılıb ki, fəaliyyətini hər zaman insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qazandığı uğurların təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Naxçıvana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və digər mühüm məsələlər daim diqqət mərkəzində saxlanılır.
Xidmət əməkdaşı çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Çıxışlar, təqdim edilən slayd və videoçarxlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndirilib.
Sonra tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı ətraflı məlumat verilib.
Tədbir iştirakçılarının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəzintisi də təşkil olunub. Muzeydəki eksponatlar haqqında məlumat verilərək bildirilib ki, Naxçıvan Muxtar Respublikasında mövcud olan tarixi abidələr arasında kompleks özünəməxsus yerə malikdir.
Qeyd olunub ki, bu cür abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu bir daha göstərir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.
Orijinal tərtibatı ilə seçilən muzeyin qiymətli eksponatları ilə tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.