CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətində “Azərbaycan Respublikasının təkmil miqrasiya profili”nin hazırlanmasına dair müştərək görüş olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə DMX-nin inzibati binasında təşkil etdiyi “Azərbaycan Respublikasının təkmil miqrasiya profili”nə dair müştərək görüşdə 11 mərkəzi icra hakimiyyəti orqanının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekspertlər iştirak ediblər.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmətin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edərək layihənin mahiyyəti barədə məlumat verib. Bildirib ki, “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanacaq “Azərbaycan Respublikasının təkmil miqrasiya profili”nin məqsədi regional və qlobal öhdəliklərə dayanaraq ölkəmizin miqrasiya sahəsində siyasətinin inkişafına dəstək verilməsidir.
Görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin məsul əməkdaşlarının və ekspertlərin geniş təqdimatla çıxışları dinlənilib, prioritetlər təhlil olunub.