CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, xidmət rəisi Vüsal Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçirdiyi layihənin dəstəkçisinin Gənclər Fondu olduğunu bildirib: “Layihə çərçivəsində seçilən 30 gənclə görüşdə əsasən kommunikasiya, liderlik, qərar qəbuletmə bacarıqları və strateji düşünmə ilə bağlı fikirlərimizi paylaşırıq. Bu tədbirlərin həyata keçirilməsini ölkəmizdə gənclər siyasətinə olan diqqətin göstəricisi hesab edirəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev gənclər sahəsini diqqətdə saxlayır. Azərbaycan gəncliyi cəmiyyətin bütün sahələrində aparıcı mövqedədir, eyni zamanda, hərəkətedici qüvvədir. Hesab edirəm ki, bu layihələr də onların inkişafına töhfə verəcək”.
“İdarəetmə və kommunikasiya” mövzusunda keçirilən master-klassda Vüsal Hüseynov qərar qəbuletmə, komanda ilə işləmə, kreativlik və innovativlik, sosial şəbəkələrdə aktivlik, informasiya mübadiləsi, məlumatların dolğun və düzgün çatdırılması mövzusunda çıxış edib, o cümlədən liderlik qabiliyyətlərinin artırılması və peşəkar vərdişlərin aşılanması haqqında gənclərə tövsiyələrini verib.
Sonda Xidmət rəisi proqramın iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti 3 ay ərzində gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və onların dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.