İQTİSADİYYAT
Dövlət Neft Fondu bu vaxtadək “Star” layihəsinə 1,6 milyard manat xərcləyib
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavodunun tikintisinin maliyyələşdirilməsinə 1 milyard 663,3 milyon manat yönəldib.
AZƏRTAC ARDNF-ə istinadla xəbər verir ki, təkcə 2017-ci ildə isə Neft Fondu tərəfindən “Star” neft emalı kompleksinin inşasına 735,4 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşası davam etdirilən “Star” neft emalı zavodu layihəsi üzrə 99,1 faiz irəliləyişə nail olunub və 5,2 milyard dollar xərclənib. Zavod oktyabrın əvvəlində istifadəyə verildikdə 6,3 milyard dollarlıq investisiya da tamamlanacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq.
“Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.