İQTİSADİYYAT
Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər ediləcəkdir VİDEO
Bakı, 12 mart (AZƏRTAC, Samirə Quliyeva). Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər ediləcəkdir. Hazırda Fondun büdcəsinə dəyişiklik olunması barədə Müşahidə Şurasında vəsatət qaldırılmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir.
Ş.Mövsümov qeyd etmişdir ki, dəyişiklikdə qaz layihələrinin idarə olunması üçün yeni yaradılan şirkətin 51 milyon dollar məbləğində kapitalının formalaşdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsait Dövlət Neft Fondundan bilavasitə investisiya kimi təqdim edilir.
“Cənub” qaz dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsi bu ildən başlanacaq və 2018-2019-cu ilədək davam edəcəkdir. Sonra bu layihələrdən gəlir əldə olunmağa başlayacaqdır. Bu gəlir yeni yaradılan şirkətə yönəldiləcəkdir. Yeni yaradılan şirkət həmin vəsaiti Dövlət Neft Fonduna qaytaracaqdır.
Fondun icraçı direktoru vurğulamışdır ki, bu layihələrin maliyyələşməsinə il ərzində 2-2,5 milyard dollara qədər vəsait tələb olunacaqdır. Vəsaitlərin qaytarılma müddəti müxtəlifdir. Ümid edirik ki, 2023-2024-cü ilədək bu vəsaitlər artıq Dövlət Neft Fondunun hesabına köçürüləcəkdir.