ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində Ceyhun Hacıbəylinin 125 illik yubileyi keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tədqiqatçı, tərcüməçi, naşir, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamını diqqətə çatdırıb. Rektor xalqımızın vətənpərvər oğlu C.Hacıbəylinin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, tanınmış bir nəslin övladı olan C.Hacıbəyli xalqımızın dahi mütəfəkkir oğlu Üzeyir Hacıbəylinin qardaşıdır. Onun uşaqlığı doğma Şuşada keçib, ilk təhsilini oradakı ikillik rus-türk məktəbində alıb, sonra Bakıda orta məktəbi bitirib.
C.Hacıbəyli 1909-cu ildə Sank-Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunub. Milyonçu Murtuza Muxtarovun ayırdığı vəsait hesabına Parisdəki məşhur Sorbonna Universitetində təhsilini davam etdirib. Parisdə oxuduğu illərdə burada nəşr olunan mətbuat orqanlarında, eyni zamanda, Bakıda çıxan “Kaspi”, “Baku” qəzetlərində bir-birindən maraqlı məqalələri vasitəsilə Avropa xalqlarını və rusdilli oxucuları Azərbaycan ədəbiyyatı, dili, mətbuatı və incəsənəti ilə tanış edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından sonra “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışan C.Hacıbəyli 1919-cu ilin yanvarında Versal Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Parisə yola düşüb. 1920-ci il aprelin 28-də Azərbaycanın XI Ordu tərəfindən işğalından sonra nümayəndə heyətinin bütün üzvləri ilə yanaşı, C.Hacıbəyli də bir daha Vətənə qayıtmayıb.
C.Hacıbəyli mühacirətdə yaşadığı dövrdə müxtəlif tədqiqat əsərləri də nəşr etdirib. Onun 1930-cu ildə “Azərbaycan mətbuatı tarixi”, 1933-cü ildə "Qarabağ dialekti və folkloru" kitabları fransız dilində işıq üzü görüb. Bu əsərlərin bir nüsxəsi Üzeyir Hacıbəylinin ev-muzeyində saxlanılır.
Tədbirdə ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov və başqaları C.Hacıbəylini əsl vətəndaş, daim Azərbaycan uğrunda mübarizə aparan, siyasi cəhətdən yetkin bir ziyalı kimi səciyyələndiriblər.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov isə çıxışında tələbələrin elmi biliklərinin artmasına, dünyagörüşlərinin genişlənməsinə müsbət təsir edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.