ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində attestasiyaya başlanılıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyasının keçirilməsinə başlanılıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov universitetdə çalışan tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması, onların ixtisaslarına müvafiq tutduqları vəzifəyə (peşəyə) uyğunluqlarının müəyyənləşdirilməsi və kadr potensialından səmərəli istifadənin təmini məqsədilə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən tanınmış və nüfuzlu təhsil ekspertlərinin daxil olduqları attestasiya komissiyası yaradılıb.
Tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının imtahan zamanı göstərdikləri nəticələr attestasiya zamanı nəzərə alınacaq.