CƏMİYYƏT
Dövlət Reklam Agentliyində Açıq Hökumət Platforması ilə görüş keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) Açıq Hökumətin Təşviqinə (AHT) dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevlə görüş keçirilib. Görüşdə ADRA-nın qeyd edilən platformaya üzvlüyü, ADRA nəzdində ictimai birliklərin nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması və ADRA əməkdaşları üçün korrupsiya ilə mübarizə və etik davranış qaydalarına dair təlimlərin keçirilməsi məsələləri müzakirə edilib.
ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, platformanın koordinatoru Əliməmməd Nuriyev ADRA nümayəndələrinə platformanın formatı və həyata keçirdiyi fəaliyyətləri, eyni zamanda cari ilin fevral ayında təsdiq edilmiş AHT Milli Fəaliyyət Planı haqqında ətraflı məlumat verib.
Qeyd edilən fəaliyyətlərin ölkədə ictimai nəzarətin gücləndirilməsi prosesinə töhfə verməsini nəzərə alaraq, ADRA ilə Platforma arasında sıx əməkdaşlıq edilməsinə dair razılıq əldə olunub.