İQTİSADİYYAT


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti 42-ci iclası Şuraya Azərbaycan Respublikası adından üzv olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə videokonfrans formatında təşkil edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan komitə sədri Anar Quliyev MDB-yə üzv dövlətlər tərəfindən müştərək qəbul edilmiş qərara əsasən 2021-ci ilin “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunmasının iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Cari ilin nəticələri haqqında danışan Anar Quliyev, pandemiya dövrünə düşməsinə baxmayaraq, ilin mövzusu ilə əlaqədar planda nəzərdə tutulmuş tədbirlərin üzv ölkələr tərəfindən uğurla həyata keçirildiyini bildirib. O, həmin plana əsasən komitə tərəfindən təşkil olunmuş “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın və “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin yüksək marağa səbəb olduğunu deyib. Eyni zamanda, Anar Quliyev hazırkı 42-ci iclasın da çox səmərəli keçəcəyinə və tikinti sektoru üzrə qarşılıqlı əlaqələrin gələcək inkişafı üçün töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən MDB-nin İcraiyyə Komitəsinin sədr müavini İlxom Nemətov 42-ci iclasın yüksək səviyyədə təşkilinə görə komitə sədrinə təşəkkürünü bildirib, görülmüş işlərin aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına əlverişli şərait yaratdığını qeyd edib. Sədr müavini il ərzində baş tutmuş tədbirlərin Şuraya üzv ölkələr arasında şəhərsalma və tikinti sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə və qazanılmış təcrübənin davam etdirilməsinə imkan verdiyini vurğulayıb.

İclasda Şuraya üzv ölkələrin ilin mövzusuna uyğun olaraq təqdimat və məruzələri dinlənilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən şəhərsalma və tikinti sahəsində ölkəmizdə həyata keçirilən layihələndirmə işlərindən danışılıb. Postsənaye dövrünün tələblərinə uyğun olaraq yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanan Bakı şəhərinin Baş planının inkişaf konsepsiyası haqqında məlumat verilib. Həmçinin işğaldan azad edilmiş torpaqların planlaşdırılması və inkişafı barədə təqdimat keçirilib.

Bununla yanaşı, iştirakçı ölkələr tərəfindən “Memarlıq və şəhərsalma ili” çərçivəsində həyata keçirilmiş işlər, MDB-nin yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirlər planı haqqında məlumat verilib, şəhərsalma siyasətinin əsas istiqamətləri, bu sahədə mövcud olan aktual problemlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.

Sonda cari ilin yekunları üzv ölkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb, Şuranın növbəti iclası ilə bağlı müvafiq qərarlar qəbul olunub və bir sıra digər təşkilati məsələlər müzakirə edilib.

Qeyd olunub ki, MDB-nin üzv-dövlətlərinin Tikinti Fəaliyyətində Əməkdaşlığı üzrə Hökumətlərarası Şura birliyə daxil olan ölkələrdə inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması və tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb və Azərbaycan Respublikasını sözügedən Şurada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmsil edir. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, memarlıq fəaliyyəti, şəhərsalma sənədlərinin işlənməsi, inşaat materiallarının istehsalı, müxtəlif tikinti avadanlığının istehsalı, tikintinin təşkili və sair bu kimi istiqamətləri əhatə edir.

Şuraya MDB-yə üzv olan 10 dövlət daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.