CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondu ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Beata Skvarska-Sönchenlə görüşüb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə sosial təminat sahəsində Fond və BQXK arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri müzakirə olunub. Mətin Əsgər sosial təminat sahəsində həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və prioritet hədəflərdən bəhs edib.
Beata Skvarska-Sönchen təmsil etdiyi təşkilatın vəzifə və funksiyaları, regionda həyata keçirilən qısa və uzunmüddətli layihələrdən danışıb, Azərbaycanda ünvanlı dövlət sosial yardımının göstərilməsi çərçivəsində regionlarda aztəminatlı ailələr, eləcə də internet resurslarına çıxışı məhdud vətəndaşlar üçün texniki dəstək kampaniyasının həyata keçirilməsində Fondla tərəfdaşlıq etmək niyyətini bildirib.
Görüşdə birgə fəaliyyətin ölkə əhalisinin sosial rifahı üçün mühüm əhəmiyyətə malik olması qeyd edilib.