CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondu və Ombudsman Aparatı nümayəndələrinin görüşü olub
Bakı, 17 iyun, AZƏRTAC
“İnsan hüquqları aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı nümayəndələrinin onlayn görüşü olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun sədri Himalay Məmişov vətəndaşların sosial təminat hüquqlarının təmin olunması sahəsində həyata keçirilən islahatları, son dövrlər xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işləri qeyd edib. Sosial ödənişlərin artırılması, xüsusilə son 4 ildə köklü islahatlar çərçivəsində həmin ödənişlərdə baş verən ciddi artımları diqqətə çatdırıb.
Əhaliyə göstərilən elektron xidmətlər, onların sayının artırılması və bu sahənin təkmilləşdirilməsi istiqamətində prioritet hədəflər, DSMF-nin vətəndaşların sosial təminat hüquqları ilə əlaqədar maarifləndirici layihələri barədə məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı DSMF tərəfindən vətəndaşların sosial təminat hüquqlarının təmin olunması və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Görüşdə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.