CƏMİYYƏT
Dövlət Yanğın Nəzarəti Xidməti təlim və maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 23 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti təlim və maarifləndirmə tədbirlərini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birgə hündürmərtəbəli yaşayış komplekslərində, iri ticarət obyektlərində “Şərti yanğın” həyəcan siqnalı verərək yanğın avtomobili cəlb edilməklə yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim və maarifləndirmə işləri aparır.
Cari ilin doqquz ayı ərzində respublika üzrə ümumilikdə 252 ünvanda, o cümlədən 113 yaşayış binasında, 32 iri ticarət müəssisəsində və insanların kütləvi toplaşdıqları digər müxtəlif təyinatlı 107 obyektdə şərti yanğın həyəcanı verilərək əraziyə yanğınsöndürmə avtomobilləri çağırılıb.
Vətəndaşlara yanğın baş verərkən davranış qaydaları izah olunub, yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan ilkin tədbirlər izah edilib.
Əsas çətinlik törədən səbəblər binaların girişində icazəsiz şlaqbaumların quraşdırılması, şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğınsöndürmə avtomobillərinin su hovuzlarından su götürə bilməməsi, binalardakı daxili yanğın kranlarının yanğın şlanqları və lülələri ilə tam dəstləşdirilməməsi, bəzi obyektlərin ilkin yanğınsöndürmə alət və vasitələrlə, o cümlədən odsöndürənlərlə təmin olunmaması, könüllü yanğın dəstələrinin yaradılmaması və yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan digər tədbirlər yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah olunub.
Tədbirlər zamanı əhali arasında təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb, müşahidə edilən nöqsanlarla bağlı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına, polis idarələrinə, Mənzil Tikinti Kooperativləri və digər aidiyyəti müəssisə rəhbərlərinə ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin rəisləri tərəfindən müvafiq məktublar ünvanlanıb.
Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə işlərini davam etdirir.