İQTİSADİYYAT
Dövlət maliyyə dəstəyi üçün 147,6 mindən çox vergiödəyicisi müraciət edib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyulun 28-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 62 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 min 551 fərdi (mikro) sahibkar olmaqla cəmi 147 min 613 vergiödəyicisi müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 219 min 768 işçini əhatə edən 25 min 233 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub, digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,13 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,56 milyon manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 825 vergiödəyicisinə 215 min 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 97,95 milyon manat, o cümlədən 2-ci ay üzrə 48,5 milyon manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 min 551 vergiödəyicisindən müraciət daxil olub, 111 min 67 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,6 milyon manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,5 milyon manat vəsaitin 106 min 765 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Ətraflı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7