ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul üçün test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatlar veriləcək

Bakı, 17 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 95 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, AA4 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 8 nəfər, AC4 altqrupu üzrə 9 nəfər olmaqla, ümumilikdə 24 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. Xatırladaq ki, imtahana qeydiyyat fevralın 21-dən martın 15-dək aparılıb və bu müddət ərzində 97 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün martın 18-dən aprelin 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə adları aşağıda qeyd edilən sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Həmin şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası martın 18-19-da və 27-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.