CƏMİYYƏT
Dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir
Bakı, 5 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-axtarış və qoşun tədbirləri uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 21-də Xidmətin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Filfilli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qaya daşlarının altında gizlədilmiş, istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah aşkarlanıb.
Yanvarın 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Şəki rayonunun Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Şəki rayonunun Baş Zəyzid kənd sakinləri 1971-ci il təvəllüdlü Ağaşirinov Hümmət Bəhram oğlu, 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Nadir oğlu, 1994-cü il təvəllüdlü Musayev Araz Bəylər oğlu və 1969-cu il təvəllüdlü Kərimov Ələsgər Sabir oğlu qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanılıblar. Onların üzərinə baxış keçirilərkən üç ədəd ov tüfəngi, 32 patron və 2 patron qabı aşkarlanıb.
Yanvarın 29-da saat 13:45 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi, Qazax rayon Hüseynbəyli kənd sakini 1994-cü il təvəllüdlü Sadiqi Adil Valeh oğlundan aksiz markası olmayan 48 blok (qutu) siqaret aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin tütün məmulatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirildiyi məlum olub.
Faktlarla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.