İQTİSADİYYAT
Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsinə dair seminar təşkil olunub
Bakı, 2 may, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsi" mövzusunda maarifləndirici seminar keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda Türkiyənin Anadolu Universitetinin professoru dövlət şirkətlərinin kapital bazarları vasitəsilə özəlləşdirilməsi sahəsində Türkiyə təcrübəsi barədə danışıb. Eyni zamanda, MBNP, Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələri tərəfindən tədbir iştirakçılarına kapital bazarlarında maliyyələşmənin üstünlükləri, korporativ idarəetmə, qiymətli kağızların kütləvi təklifi, səhm və istiqraz emissiyalarının həyata keçirilməsi barədə geniş məlumat verilib.
İnteraktiv müzakirələr və dialoq formatında keçirilən tədbir çərçivəsində iri dövlət şirkət və müəssisələrinin kapital bazarlarında maliyyələşməsi təşviq edilib, bununla bağlı Bakı Fond Birjası tərəfindən həyata keçirilən və qabaqcıl audit, hüquq və investisiya şirkətləri tərəfindən ödənişsiz əsaslarla məsləhət xidməti verən "Listinq Məsləhət Proqramı"na qoşulmaları tövsiyə olunub.
Diskussiyalarla zəngin olan tədbirdə 20-dən çox dövlət şirkətinin nümayəndələri iştirak edib.