SİYASƏT


Dövlət-xalq-ordu birliyinin təzahürü

Naxçıvan, 19 yanvar, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun silah arsenalı və maddi-texniki təminatı gücləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da artırılır. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə də infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Bu birliyin nəticəsidir ki, ölkəmiz Vətən müharibəsində tarixi Qələbə qazandı, ərazi bütövlüyümüz təmin olundu, haqq-ədalət öz yerini tapdı. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər görülür. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günlərində hərbi hissələrə sovqat aparmaları, mədəniyyət kollektivlərinin əsgərlər qarşısında konsert proqramları ilə çıxış etməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Ötən il də bu ənənə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il fevralın 8-də Vətən müharibəsi iştirakçıları ilə görüş zamanı yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib, Vətən müharibəsi iştirakçılarını qiymətli hədiyyələrlə mükafatlandırıb, avqustun 18-də isə Soyuq və Təkəqaya döyüş bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb, fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib. Avqustun 21-də Ali Məclisin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsində iştirak edib, şəxsi heyət və sərhədçi ailələri ilə görüşüb, sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, mənzillərdə yaradılan şəraitlə tanış olub. Hər iki görüşdə gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissə və zastavanın anbarlarına təhvil verilib.

Keçirilən görüşlərdə muxtar respublikadakı hərbi hissələrə və xidmətdə fərqlənən hərbi qulluqçulara ümumi dəyəri 265 min manatdan çox olan ərzaq payı və qiymətli hədiyyələr təqdim olunub.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci ilin 27-30 dekabr tarixlərində dövlət qurumlarının və təşkilatların kollektivləri hərbi hissələrdə olub, şəxsi heyətlə həmrəylik nümayiş etdirilib, müxtəlif ərzaq məhsullarından, meyvə, tərəvəz və şirniyyatlardan ibarət 161 min 91 manat dəyərində bayram sovqatı hərbi hissələrə təhvil verilib.

Məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimlərinin Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə verilməsi xalq-ordu birliyinin daha bir təzahürüdür. 2021-ci ilin payız-qış mövsümündə də bu iş davam etdirilib, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2500 cüt yun corab, 2200 jilet və 1000 boyunluq ön xətdə yerləşən hərbi hissələrə göndərilib.

Muxtar respublikada iməciliklər yolu ilə salınan meyvə bağlarından toplanan məhsulun hərbi hissələrə təhvil verilməsi də artıq ənənə halını alıb. Ötən ilin yay mövsümündə iməciliklər zamanı salınmış meyvə bağlarından 50721 kiloqram ərik, 58594 kiloqram alma, 2939 kiloqram gilənar, 7190 kiloqram alça, 4000 kiloqram üzüm, 43 kiloqram gilas olmaqla, ümumilikdə, 124 tona yaxın meyvə yığılaraq muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrə verilib.

Qeyd edək ki, muxtar respublikadakı hərbi hissələrin şəxsi heyəti hərtərəfli təminata malikdir. Əsgərlərin qidalanması və sağlamlıqlarının qorunması sahəsində kompleks tədbirlər görülüb, ən müasir xidmət və yaşayış şəraiti yaradılıb. Əlamətdar günlərdə əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. Azərbaycan əsgəri də fəxr edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.